İşsiz qalan şəxs işlə təmin olundu - APA TV-nin müdaxiləsindən sonra
Gəncə şəhərində məskunlaşan 36 yaşlı Kəlbəcər rayon sakini Nazəni Şahnəzərov iş tapa bilmir. Elə böyük tələbi də yoxdur. Sadəcə xidmətçi kimi işlə təmin olunmaq istəyir. Bununla bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət də edib. Amma heç bir nəticə olmayıb: “İş istəmişəm verməyiblər. Mənə kömək edin, evim uçur, mənə iş versinlər. Getmişəm Məşğulluğa, deyiblər get gələrsən. Xahiş edirəm, mən bir işə düzəlim, özümə çörək pulu düzəldim. Yaşayışım çox çətindir, dolana bilmirik. Heç yedən gəlirimiz yoxdur. İstəyirəm yoldaşımda, məndə işlə təmin edilək. Xahiş edirəm mənə köməklik edin”.
İşsiz və çarəsiz olan Nəzəni Şahnəzərova dediyinə görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Həyat yoldaşı isə fəhləliklə məşğul olur: “Sonuncu dəfə dedilər get 10 gündən sonra gələrsən. Getdim yenə dedilər iş yoxdur. Özümdə xəstə adam, gücüm çatmır dərman almağa”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 6 saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət etdik. Qurumdan bildirildi ki, Nazəni Şahnəzərova fevral və mart aylarında mərkəzdə olub. Ona məşğulluq altsistemindəki vakansiya bankından xadimə işi təklif olunub. Lakin xanım ona təklif olunan işlə razılaşmayıb.
APA TV-nin iştirakı ilə şikayətçi yenidən mərkəzə dəvət edilib, onunla profilaktik söhbətlər aparılıb. Çəkiliş zamanı qadın işlə təmin edilib.
6 saylı Ərazi Məşğulluq Mərkəzinin şöbə müdiri Pərviz Əliyev deyir ki, təkrar müraciəti zamanı onunla ətraflı danışıq aparılmışdır: “Məşğulluq altsistemindəki vakansiya bankından münasib iş SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tərbiyəçi anası işi təklif edilib. Vətəndaş münasib iş təklifini qəbul edib. Həmin müəssisəyə elektron göndəriş verilib”.
Uzun müddətdir işsiz qalan Nazəni Şahnəzərovanın problemi APA TV-nin müdaxiləsindən sonra öz həllini tapıb.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə