İsti hava bu rayonlarda bostan məhsullarını tağlarda yandırdı

Dünyadakı Qlobal istiləşmə meşə yanğınları, quraqlıq, su çatışmazlığı kimi problemlərlə yanaşı  kənd təsərrüfatında da ciddi fəsadlara yol açmaqdadır. Temperaturun kəskin yüksəlməsi respublikanın hər yerində əkin sahələrində öz təsirini göstərir. Temperaturun yüksək olduğu Kür-Araz sahilində yerləşən rayonlarda isti hava bostan məhsullarının tağlarda yanmasına səbəb olub. Əkin sahələrinin məhv olması isə fermerlərin qanını qaraldır. Vəziyyəti tarlalarda araşdırmaq üçün əməkdaşlarımız Sabirabad rayonunun bir neçə fermer təsərrüfatlarına baş çəkiblər.

 

Son zamanlar havaların isti keçməsi bostançılıq təsərrüfatlarına böyük ziyan vurub. Hal-hazırda biz Sabirabad rayonunda fermer təsərrüfatlarından birində belə bir acınacaqlı vəziyyəti müşahidə edirik.

 

Fermerlər qeyd edir ki, hətta suvarma suyu olsa belə temperaturun kəskin artması torpaqda suyu tez bir zamanda buxarlandırır. Nəticədə köklərin dibində kifayət qədər nəmlik olmadığından qarpız, yemiş, xiyar tağları və pomidorlar yetişməmiş yanır. Sahələrdən məhsul götürmək olmur. İsti havada suya daha çox tələbat yaranır: “Məhsuldarlıq sıfıra bərabərdir. Tarlalarımızı küləklə isti yandırdı. Öhdəsindən gəlmək olmadı. Bostanı alağa da buraxdıq ki, bəlkə köməyi olar onunda xeyri olmadı. Bu sırf istinin fəsadıdır. Su iki dəfə verdik, əslində bostana 3 dəfə su verilməlidir. Su sarıdan elə də qıtlıq olmadı. Amma qlobal istiləşmə əkin sahələrini mənim kimi əkini olanları bu vəziyyətə saldı. Bundan da sıfır vəziyyətində olanlar var. Çıxış yolu fikirləşirik ki, aralarda qarğıdalı və ya günəbaxan əkək  onda da qarğalar əkini məhv edir”.

 

Mütəxəssislərin qeyd etdiyinə görə kəskin istilərdə  torpaqda nəmliyi saxlamaq üçün suvarma intensiv aparılmalı və müasir suvarma üsulları tətbiq olunmalıdır.

 

Şirvan DAİM-İN mütəxəssisi Ülvi Adilzadə deyib ki, bu məsələ ilə mübarizə kompleks aparılmalıdır: “Birincisi tarlaların ətrafında qoruyucu meşə zolaqları salınmalıdır. Onlar torpaqda həm nəmliyi qoruyur, həm də temperaturun sahədə yüksəlməsinə imkan verməsinlər. İkincisi  suvarma sistemləri elə tətbiq olunmalıdır ki, bitki lazım olan qədər suyu ala bilsin ki, o su çatışmazlığından əziyyət çəkməsin. Üçüncüsü də xüsusilə istiyə və susuzluğa davamlı olan toxumlardan istifadə etməyə üstünlük verilməlidir. Ümumiyyətlə əkin strukturunda su çatışmazlığına və quraqlığa davamlı olan bitkilərdən istifadə edilməsi məqsədəuyğun hesab olunur”.

 

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv