İsveçin ən böyük səyahət jurnalı Əlincəqaladan yazdı
İsveçin dünyaca məşhur səyahət saytı və jurnalı olan “All about Travel”da və ən oxunaqlı milli qəzeti olan "Expressen" nəşrində Naxçıvanda yerləşən Əlincəqala barədə məlumat dərc olunub.
APA TV xəbər verir ki, məqalədə qalanın Əlincə dağının üstündə, heyrətamiz relyefi olan ərazidə yerləşdiyi bildirilir.
“Dağa qalxan sıldırım piyada cığırı ilə 1500-dən çox pilləni dırmaşmağa hazırsınızmı, sizi möhtəşəm mənzərə gözləyir: Əlincəqala möhtəşəm qədim və orta əsrlər istehkamıdır. Eldənizlər, Səlcuqlar, Atabəylər və Səfəvilər tərəfindən istifadə edilib. Bir vaxtlar burada onlarla tikili var idi: yaşayış binaları, anbarlar, tövlələr, mətbəxlər, hamamlar, hökmdarın sarayı. Bir neçə il əvvəl qala bərpa olunub. Bütün qala qalın daş divarlarla əhatə olunub və ona yalnız dik bir gəzinti cığırıyla çatmaq olar. Dağlarda əlçatmaz zirvədə yerləşməsi Əlincəqalaya "Azərbaycanın Maçu Pikçusu" adını qazandırıb”,- deyə müəllif Niklas Sessler qeyd edir.
Məqalədə qüdrətli Əmir Teymurun qalanı 14 il işğal edə bilmədiyinə də diqqət çəkilərək, ərazidə həmin tarixi məqamları yaşadan muzeyin də tikildiyi bildirilir.