İsveçli səyyah: Azərbaycan minaaxtaranlarına Nobel sülh mükafatı verilməlidir

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Xocavənd və Füzuli rayonuna səfəri başlayıb.

Səfər iştirakçıları əvvəlcə Füzuli rayonunda Vətən müharibəsindən sonra inşa olunan və hazırda istifadə oluna Füzuli Beynəlxalq Hava Limanında olub. Daha sonra ermənilərin xarabalığa çevirdiyi yaşayış məntəqələrini öz gözləri ilə gördükdən sonra yeni inşa olunan Füzulinin şəhər kompleksi ilə tanış olublar.

Qonaqların Füzulidən sonra Xocavəndə səfəri başlayıb.

 

İsveçli beynəlxalq səyahətçilər Xocavənd rayon ərazisində yerləşən və dünyanın ən qədim 3 yaşayış məntəqəsindən biri olan Azıx mağarasını ziyarət ediblər.

Nümayəndə heyəti Xocavənd rayonu ərazisindəki Azıx mağarasını ziyarət etdikdən sonra Füzuli rayonunun Horadiz kəndində olub. ANAMA-nın əməkdaşları nümayəndə heyətinə minatəmizləmə əməliyyatları barədə məlumat verib. Bildirilib ki, Horadiz kəndində 55422 kv.m ərazi mina ilə çirklənmiş hesab olunur. Son 39 gündə burada 3722 kv.m ərazi əl ilə, 17800 kv.m ərazi isə mexaniki üsulla minalardan təmizlənib. 22705 kv.m ərazinin isə təlim keçmiş minaaxtaran itlər hesabına təmizləndiyi bildirilib. Təmizləmə zamanı Ermənistan istehsalı olan 55 ədəd piyada əleyhinə mina, 210 ədəd tank əleyhinə mina, 2 ədəd isə partlamamış sursat aşkarlanıb.

Səfər Ağdam şəhərində davam edib. Nümayəndə heyətinə Ağdamın işğal tarixi, ermənilərin yaşayış məntəqələrini xarabalığa çevirmələri, tarixi, mədəni abidələri dağıtmaları barədə məlumat verilib.

Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Ağdam-Tərtər Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl (Xudafərin) rayonlarına səfər etmələri planlaşdırılır.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır.

Bu səfərlər çərçivəsində 200-dən çox dünyada tanınan səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar.

Hazırda İsveçdən gəlmiş heyətdə 30 nəfərdən çox beynəlxalq səyahətçi var.

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv