İtaliya şirkətləri Qarabağda nə iş görür?
Artıq bir ilə yaxındır Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-quruculuq işləri sürətlə aparılır. Azad edilmiş torpaqlarımızın erməni qəsbkarları tərəfindən otuz il ərzində talan edildiyi, dağıdıldığı, demək olar ki, yer üzündən silindiyi nəzərə alındıqda, tikinti işlərinin o qədər də asan başa gəlməyəcəyi aydın görünür.
Bu torpaqlara yenidən həyat vermək, qurub-yaratmaq, bərpa etmək elə qələbənin özü qədər çətindir. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan minlərlə kvadratkilometrdən çox ərazidə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sektorları ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin doğma torpaqlarına qaytarılması və insanların normal həyatının təmin edilməsi sözün əsl mənasında böyük güc, böyük potensial tələb edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hesab edir ki, dövlətin işi odur ki, birinci növbədə bu infrastrukturu, ilkin şəraiti formalaşdırsın: “Bundan sonra dövlət özəl patrniyorluğun, özəl sektorun inkişafını, beynəlxalq təşkilatların, donorların iştirakı burada təmin edilsin. Hazırda ölkəmizdə bu istiqamətdə fəaliyyət başlayıb. Biz son günlər KAMAZ şirkəti ilə bağlanan müqaviləni, BPi şirkətinin Şərqi Zəngəzurda alternativ enerji stansiyasının tikilməsi ilə bağlı təşəbbüsünü qeyd edə bilər. Ümumiyyətlə hazırda dağ mədən sənayesindən, turizmdən kənd təsərrüfatından ərzaq sənayesinə kimi bütün sahələrə sərmayə yatırmaq istəyən kifayət qədər yerli və xarici şirkətlər var. Artıq müqavilələr imzalanıb. Azərbaycan nadir ölkələrdəndir ki, postkonfilik dövründə bütün quruculuq işlərini özü öz üzərinə götürür. Biz yalnız o halda kənarla əməkdaşlıq edirik ki, o dövlətlərin özünün də marağı var”.
Vüsal Qasımlının sözlərinə görə, quruculuq işlərinə yerli şirkətlərlə yanaşı, bir sıra xarici şirkətlər də cəlb edilib. Bu şirkətlər sırasında isə həm siyasi, həm iqtisadi, həm də mədəni platformada Azərbaycanla geniş əlaqələr quran İtaliyanın da təmsilçiləri mövcuddur.
Ölkə başçısı İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Azərbaycanın gələcək inkişafı, bölgədəki prosesləri ətraflı şərh edərək bildirdi ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yenidənqurma işlərinə cəlb edilən ölkələr arasında İtaliyanın ikinci olması da təsadüfi deyil:
“Bu, bizim seçimimiz idi. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.
Mütəxəssislər də hesab edir ki, bu gün işğaldan azad olunmuş torpaqlarda İtaliya şirkətlərinin fəaliyyət göstərməsi İtaliyanın Azərbaycanla strateji müttəfiqliyinin nəticəsidir. İtaliya Azərbaycanın ticarət dövriyyəsində ən böyük tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara yaxındır. Eyni zamanda Azərbaycan enerji resurslarını əsasən İtaliya bazarına ixrac edir. Artıq 2021-ci ildən etibarən iki ölkə arasında mavi qaz sahəsində də əməkdaşlıq genişlənib.
Deputat Vüqar Bayramovun bildirib ki, 2020-ci ilin sonunda Azərbaycanın mavi qazı İtaliya bazarına, Avropa bazarına daxil oldu: “İl ərzində, bütövlükdə Avropaya Azərbaycan 8 milyard kub metr mavi qazını nəql etmək niyyətindədir ki, onun da böyük hissəsi məhz İtaliya bazarına yönəlib. İtaliya eyni zamanda Azərbaycanda işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurmasında daha fəal şəkildə iştirak edən dövlətlərdən biridir. Bütövlükdə bərpa və yenidənqurma üsulu 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb və artıq vəsaitin ayrılması həyata keçirilir. İtaliya Azərbaycanda enerji şəbəkəsinin qurulmasında yaxından iştirak edir. Artıq 5 yarımstansiyanın qurulması ilə bağlı işlər və əməkdaşlıq davam etdirilir. Bütövlükdə növbəti mərhələdə Azərbaycan-İtaliya əlaqələri, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurmasında İtaliya şirkətlərinin daha yaxından iştirakı gözlənilir”.
İki ölkə arasında strateji əməkdaşlıq növbəti illərdə də davam edəcək. Çünki İtaliya Azərbaycanın Avropa Birliyində əsas tərəfdaşlarından biridir. Azərbaycan da öz növbəsində İtaliyanın Cənubi Qafqazda ən böyük tərəfdaşıdır. Hazırda hər iki ölkə əməkdaşlığın davam etdirməsində və daha da genişləndirməsində maraqlıdır. Bu isə ondan xəbər verir ki, iki ölkə arasındakı strateji əməkdaşlıq növbəti illərdə də artan istiqamətdə davam edəcək.
İlahə Vəliyeva Samir Qaragözov APA TV