İtkin düşənlər əsir düşərgələrində dəhşətli işgəncələrlə öldürülüb
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə qonaqlar mövzu ilə əlaqədar hazırlanan videoçarxa baxıb, daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev dedi ki, hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli məhrumiyyətlərə məruz qalıb. Rumıniyanın baş nazirinin sabiq müavini, sabiq ədliyyə naziri Ana Birçal deyib ki, Azərbaycan Ermənistanın itkin düşmüş şəxslərlə bağlı məlumatı verməməsindən əziyyət çəkir. O qeyd edib ki, itkin düşmüş Azərbaycan vətəndaşları qeyri-insanı şəkildə basdırılıb, işgəncələrə məruz qalıb, Ermənistan birmənalı şəkildə itkin düşən şəxslərlə bağlı, onların məzar yerləri ilə bağlı məlumatları təqdim etməlidir. Xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, əsas məsələ mina olan ərazilərdəki kütləvi məzarlıqlara çıxışdır. Vurğulayıb ki, itkin düşən şəxslərin yerinin müəyyən edilməsi üçün bir neçə dəfə təşəbbüs göstərsək də, qonşu Ermənistan bu təşəbbüslərə cavab verməyib. Beynəlxalq təşkilatlar isə itkin düşən şəxslərlə bağlı üzərinə düşən öhdəlikləri tam icra etməyib. Sonra konfrans bu sahədə əldə olunan nailiyyətlər, həllini gözləyən problemlər, itkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə, silahlı münaqişə tərəfləri olan dövlətlərin qarşılıqlı əlaqələrinin gücləndirilməsi vasitələri, itkin düşmüş şəxslərə aid meyit qalıqlarının yerinin müəyyən edilməsində müasir texnologiyaların tətbiqi, ölkələrarası təcrübə mübadiləsi, hökumətlərlə itkin düşmüş şəxslərin ailələri arasında əməkdaşlıq mövzularında panel müzakirələrlə və çıxışlarla davam edib. Aygün Carçıyeva, Arif Əliyev, APA TV