İtkin düşənlərin ailələri BMT-yə müraciət etdilər

Avqustun 3-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Birliyin sədri Könül Behbudovanın sözlərinə görə, yaxınları itkin düşən şəxslərin aqibəti haqqında məlumat almaq istəyirlər. O əlavə edib ki, sağ qalan valideynlərin övladlarının və yaxınlarının harada basdırıldığını bilmək, onların qalıqlarını almaq təbii haqlarıdır. “Cəbrayıl rayonunun Dağ Tumas kəndinin 38 itkini var”. Bunu isə 1993-cü ildə döyüşlər zamanı itkin düşən Şəmsi Həmidovun bacısı Səkinə Həmidova deyib. O, dünya ictimaiyyətini haqqın tərəfində olmağa, itkin düşən, günahsız insanları müdafiə etməyə çağırıb. “Bütün çağırışlarımıza baxmayaraq, Ermənistan itkin düşmüş şəxslərin yerləri barədə məlumat vermir və beynəlxalq təşkilatlar da bu ədalətsizliyə göz yumurlar”. Bunu isə I Qarabağ müharibəsi zamanı itkin düşmüş leytenant Canıyev Səxavət Xanış oğlunun həyat yoldaşı Reyhan Canıyeva deyib. O vurğulayıb ki, Ermənistan itkin düşənlərin ailələrinin qarşısında cavab verməli, itkinlərin taleyinə aydınlıq gətirməli, kütləvi məzarlıqların yerini açıqlamalıdır. Qeyd edək ki, "Qarabağ İtkin Ailələri" İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. Onlar müraciətlərində itkin düşmüş şəxslərin taleyi barədə məlumatların açıqlanması və kütləvi məzarlıqların yerlərinin Azərbaycan tərəfinə təqdim edilməsi üçün BMT-nin Ermənistana çağırış etməsini istəyiblər.

Müəllif | Apa.Tv
Apa.tv