İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV
“Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dinc sakinlərinin və beynəlxalq humanitar hüququn müdafiəsi altında olan digər şəxslərin qəsdən öldürülməsini sübut edən bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan imtina edir. Bu məsələnin həlli təkcə qurbanların və onların ailələrinin hüquqlarına riayət olunması baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və vəziyyətin normallaşdırılması baxımından vacibdir”.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında səsləndirib. Nazir diqqəti ermənilərin mina terroruna çəkərək bildirib ki, 2020-ci ilin noyabr ayından indiyədək 315 nəfər Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanı olub.
Ceyhun Bayramov antiterror tədbirlərinin dayandırıldığını, hazırda tərksilah, demobilizasiya və yerlərdə reinteqrasiya üzrə praktiki addımlara başladığını vurğulayıb. Nazir qeyd edib ki, son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların yekdil səyləri sayəsində danışıqlar prosesi güclənib və məhdud, lakin ümidverici nəticələr verib.