İxrac zamanı geri qaytarılan məhsulların sonrakı “TALEYİ”

“Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsinin müfəttişlərinin Azərbaycandan göndərilən və ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlaması ilə bağlı xəbər vermişdik. Həmin məhsullarda təhlükəli karantin obyekti – Cənubi Amerika pomidor güvəsi aşkar edildiyi üçün Rusiya Federasiyası ərazisinə göndərilməsi qadağan edilmişdi. Bəs görəsən bu məhsullar qaytarıldıqdan sonra hansı şəraitdə saxlanılır, ümumiyyətlə insan orqanizmi üçün təhlükəli hesab edilən bu məhsulların qaytarıldıqdan sonra ölkədə satışı həyata keçirilirmi?

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyir ki, həmin məhsullar ya məhv edilir, ya utilizasiyaya cəlb edilir: “Yaxud da istehlak istiqaməti dəyişdirilir. Bitkiçilik məhsullarında aşkarlanmış zərərvericilər təsərrüfatlar üçün ümumi təhlükə törədir, amma bunların insan sağlamlığı üçün təhlükə yaratmır”.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin sözlərinə görə, müxtəlif dövlət orqanlarının nümayəndələri ilə birgə pestisid saxlanılan 165 anbarda monitorinqlər aparılıb. Monitorinq aparılan obyektlərdən 127-də uyğunsuzluqlar aşkar olunub: “Aqrokimyəvi preparatların ölkəyə idxalı ilə məşğul olan müəssisələr müvafiq lisenziyalarla təmin olunduqdan sonra onlar öz məhsullarını başqa anbarlarda da saxlayırlar. Bu qayda pozuntusudur və məhsulun keyfiyyətinə də öz təsirini göstərə bilər. Kimyəvi maddələrin saxlanmasını çox ciddi təsiri var. Bununla bağlı biz müvafiq qurumlara müraciət etmişik”.

 

Digər bir məsələ Avropa Birliyinə ixrac olunan fındıq məhsulunda aflatoksin aşkarlanma hallarının artmasıdır. Qoşqar Təhməzli deyir ki, bu ilin ötən dövrü ərzində 49 fındıq partiyasında aflatoksin aşkarlanıb, 2 partiyaya isə Avropa Birliyi tərəfindən notifikasiya göndərilib. Aparılan araşdırmalara əsasən, aflatoksinin aşkarlanmasının səbəbləri təsərrüfatlardan fındıqların vaxtından əvvəl yığılması və nəmlik tələblərinə uyğun olmayan şəraitdə saxlanması, bəzi emal müəssisələrində məhsulların açıq hava şəraitində saxlanması, çeşidləmə zamanı müasir texnologiyaların tətbiq edilməməsi, habelə iqlim amilləri ilə bağlıdır.

 

 

Aytən Sakitqızı,

Xəyal İskəndərov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv