Jurnalistlər Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində

Media nümayəndələrinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə media-turu təşkil edilib.

 

APA TV xəbər verir ki, Media-turun məqsədi Mərkəzdə yaradılmış şəraitlə tanış olmaq, şagirdlərin məktəbdənkənar fəaliyyət çərçivəsində gördüyü işləri yaxından müşahidə etmək olub.

 

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Təhsil Nazirliyi sistemində 143 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 67-si uşaq-gənclər inkişaf mərkəzi, 76-sı uşaq-gənclər idman-şahmat məktəbidir. Məktəbdənkənar təhsil müəssisələrində 110 min nəfərdən artıq şagird tədris fəaliyyəti ilə məşğul olur. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulub.

 

Bildirilib ki, şagirdlərin sözügedən dərnək və qruplara qeydiyyatı üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət oluna bilər. Müəssisələr haqqında məlumatlar nazirliyin rəsmi internet səhifəsində (www.edu.gov.az), həmçinin müəssisələrə aid sosial şəbəkələrdə (feysbuk, instaqram və s.) yerləşdirilib.

 

Bundan əlavə, 2020-ci ildən etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul üçün elektron qeydiyyat sistemi istifadəyə verilib.

 

Mir Çingiz Ağazadə,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv