Jurnalistlərə kronavirus əleyhinə peyvənd vurulur

Azərbaycanda jurnalistlərin koronavirus əleyhinə vaksinasiyasına başlanılıb.

APA TV-nin məlumatına görə, jurnalistlərin vaksinasiyası Mətbuat Şurasının binasında TƏBİB-in səyyar briqadası tərəfindən həyata keçirilib. 

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin peyvənd olunması könüllülük prinsipi əsasında həyata keçirilir: “Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Vurulacaq vaksin "Coronovac" peyvəndidir. İndiyədək bizə redaksiyalardan təqdim olunan siyahıda peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır”.

 

Media nümayəndələrinin peyvəndlənmə prosesi redaksiyalardan Mətbuat Şurasına daxil olan müraciət və siyahılar əsasında həyata keçirilir: “Bu qaçılmaz bir prosesdir. Vaksinasiya, peyvəndləmə mütləq lazımdır ki, əhali arasında kollektiv immunitet yaransın. Bəşəriyyətin başına gələn bu bəlanın qarşısının alınması yalnız bu peyvəndlə mümkün ola bilər”.

 

Jurnalist Zaur Xudiyev ilk qoşulanlardan biri olmaq istədiyini deyib:”Hər kəsi koronavirusa qarşı vaksin olunmağa çağırıram. Düşünürəm ki, kütləvi yoluxmanın qarşısını ancaq peyvəndlə ala bilərik. Biz də bir jurnalist olaraq istədik ki, bu işin öncüllərindən olaq. Bu gün vaksin olundum. Əvvəlcə tibbi müayinədən keçdim, daha sonra inneksiya prosesi oldu. Hazırda özümü çox yaxşı hiss edirəm. Ümid edirəm ki, bundan sonra da hər şey yaxşı olacaq”.

 

TƏBİB-dən bildirilib ki, quruma dövlət orqanlarından və özəl təşkilatlardan səyyar briqadalarının təşkili üçün çoxlu müraciətlər daxil olub: “Dövlət orqanlarından səyyar briqadaların təşkili üçün bizə müraciətlər daxil olmaqdadır. Bunların arasında Bakı Nəqliyyat Agentliyi, ADA universiteti, Sədərək Ticarət Mərkəzi, bir neçə özəl şirkətlər də səyyar briqadaların təşkili üçün artıq müraciət ediblər. Ümumilikdə səyyar briqadalar vasitəsilə bu günə kimi 1000-ə yaxın vətəndaş səyyar şəkildə vaksinasiya prosesində iştirak edib”.

 

Qeyd edək ki, mətbuat işçilərinin vaksinasiya prosesi qarşıdakı günlərdə də davam edəcək.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv