Kamil Zeynallı həbs olundu, Nadir Qafarzadəyə xəbərdarlıq edildi
Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını pozaraq ağır artilleriya və raketlərdən istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə bu hücumların qarşısının alınması məqsədi ilə ordumuzun əks-hücum əməliyyatlarına başladığını, həmçinin ölkəmizdə hərbi vəziyyətin elan edilməsini nəzərə alaraq dəfələrlə sosial media və digər rəqəmsal platforma istifadəçiləri cəbhəboyu zonada vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunub.
Baş Prokurorluqdan APA TV-yə verilən məlumata görə, aparılan araşdırmalarla Bakı şəhər sakinləri Nadir Qafarzadə, Kamil Zeynallı və başqa şəxslər tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilib.
Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıb və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Füzuli rayon məhkəməsinin qərarı ilə Kamil Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.
Bundan başqa, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
Eyni zamanda, bu növ hərəkətlərə yol vermiş digər şəxslərlə də profilaktik söhbətlər və maarifləndirici işlər aparılıb.