Kamran Əliyev Azərbaycanın baş prokuroru təyin olundu

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə daxil edilən 27 məsələdən əsas diqqət mərkəzində olanı yeni Baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi idi.

 

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Kamran Əliyevi Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi üçün Milli Məclisə təqdim edib. O bildirib ki, konstitusiyaya əsasən, Prezident Baş prokuroru Milli Məclisin razılığı ilə vəzifəyə təyin edir.

 

Spiker Sahibə Qafarova bildirib ki, Kamran Əliyev Baş Prokuror vəzifəsini layiqincə yerinə yetirəcəyinə əmindir.

 

I vitse-spiker Əli Hüseynli bu illər ərzində Baş Prokurorluq və Milli Məclis, millət vəkilləri arasında əməkdaşlıq mövcud olduğunu qeyd edib, bundan sonra da bunun davam edəcəyinə ümid etdiyini və hazırda prokurorluq orqanlarının əməkdaşlarının 70%-ə yaxınının gənclərdən ibarət olduğunu vurğulayıb.

 

Daha sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 

Baş Prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev ilk olaraq bu vəzifəyə namizədliyi ilə bağlı təqdimat göndərdiyi üçün Prezident İlham Əliyevə və bu təqdimatı dəstəklədiyi üçün Milli Məclisə təşəkkür edib. O, Azərbaycanın müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin qəti siyasəti nəticəsində koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər də öz nəticəsini verib, əhali və sahibkarlıq subyektləri tam olaraq dövlət dəstəyi ilə əhatə olunub. Xalqın maraqlarının qorunmasının dövlət siyasətində prioritet olması hazırda dünyada mövcud olan pandemiya şəraitində özünü daha çox göstərməkdədir. Bütün bunlarla yanaşı, hazırda ölkəmizdə iqtisadi və sosial inkişafı hədəfləyən islahatlar keçirilir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da bu qəbildəndir”.

 

“Bu yüksək kürsüdən müraciət edərək Prezidenti, Birinci vitse-prezidenti və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da prokurorluq orqanları dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək” - deyə Kamran Əliyev əlavə edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev Kamran Bayram oğlu Əliyevin Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Kamran Əliyev Azərbaycanın Baş prokuroru təyin olunub.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv