Kamran Əliyev: "Ötən il 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib"

Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

 

APA-TV-nin məlumatına görə, bunu, Baş Prokuror Kamran Əliyev bu gün keçirdiyi əməliyyat müşavirəsində deyib. 

 

O qeyd edib ki, intizam məsuliyyətinə cəlb edilənlərdən 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.

 

Bundan əlavə, hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət edildiyini də diqqətə çatdıran Kamran Əliyev ötən il ərzində prokurorluq orqanlarının koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində də səylə çalışdıqlarını deyib. Karantin, qaydalarının pozulmasına qarşı  profilaktik  tədbirlərin, o cümlədən, cinayət-hüquqi və inzibati təsir tədbirləri həyata keçirildiyi qeyd edilib.

 

Baş prokuror Kaman Əliyevin sözlərinə görə, Vətən Müharibəsi zamanı erməni hərbi birləşmələrinin beynəlxalq humanitar hüququ pozaraq dinc əhalini atəşə tutması, muzdluların iştirakı, terrorizm və sair cinayət faktlarının hər biri üzrə cinayət işlərinin başlanması istiqamətində zəruri tədbirlər görülüb. İşğaldan azad edilmiş rayonlarda Ermənilər tərəfindən dağıdılmış tarixi, dini-mədəni abidələrə, mülki əmlaka, o cümlədən, ekologiyaya vurulan zərərin məbləğinin dəqiq müəyyən edilməsi istiqamətində də digər qurumlarla əlaqəli şəkildə işlər görülür.

Müəllif | Apa.Tv
Apa.tv