Kanalizasiya xətti yoxdur, ancaq pul yığılır
Bu ərazidə yaşayan vətəndaşlar kanalizasiya xəttinin olmadığından şikayətçidirlər.
APA TV-nin məlumatına görə, söhbət Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin Əliağa Vahid küçəsindən gedir. Bu küçənin qaragün sakinləri deyir ki, kanalizasiyanın olmamağı bir dərd, olmayan kanalizasiyaya görə pul ödəmək başqa bir dərd. Bəli sakinlər tullantı sularına görə ödəniş etdiklərini deyirlər.
- Neçə illərdir kanalizasiya üzünə həsrətik. Həyətimizdədir tualet çuxurları, su çuxurları. İndiki dövrdə də xəstəlik basıb hər yeri.
- Neçə illərdir biz kanalizasiya üzünə həsrətik. Hər il deyirlər ki, olacaq, çəkəcəyik. Bu il var, gələn il var. Heç nə çəkmirlər. Gəlib aldadırlar çıxıb gedirlər. Kanalizasiyanın ödənişini edirik. De elə belə həyətə gedir bizdə də. Qalmışıq heç nə edə bilmirik.
- Pul alırlar. Su pulunun üstündə pul alırlar. Verilir hamısı. Çeklərimiz də var. Gəlib maraqlanan da yoxdur, çəkən də yoxdur. Günü-günə satırlar. Müraciətlərimiz göydə qalır. Heç bir gəlib maraqlanan da yoxdur ki, bizdə kanalizasiya yoxdur.
- Oradan gəliblər ölçüblər-biçiblər. Bu gün gələcək, sabah gələcək. Heç birini də etmirlər.
Məsələ ilə bağlı Azərsu ASC-nin “Sumqayıt Sukanal” İdarəsindən bildirildi ki, həmin küçədə mərkəzləşmiş kanalizasiya xətti yoxdur. Ona görə onlardan pul yığıla bilməz. İdarə rəisi Xalid Quliyev bildirdi ki, məsələ araşdırılır:
“Bu məsələ bizim abonentlərlə işlər şöbəsi tərəfindən tam araşdırılacaq. Belə halla qarşılaşdıqda yalnız su ödənişləri saxlanılaraq tullantı suya görə gələn ödənişlər ləğv ediləcək. Hər hansı bir vətəndaşın borcla bağlı şikayəti olacaqsa tərəfimizdən "Azərsu" cəmiyyətində daimi fəaliyyət göstərən komissiyaya göndəriləcəkdir.”
“Sumqayıt Sukanal” idarəsindən o da bildirildi ki, qəsəbənin Əliağa Vahid küçəsində kanalizasiya xəttinin yaradılması isə layihəyə salınıb. Yaxın gələcəkdə orada xəttin çəkilməsi planlaşdırılır.
RAMİL YAQUBOĞLU, ƏLİ ƏLİYEV, APA TV