Karantin dövründə bağlı qalan sərhədlər və ölkədə qalan əcnəbilər – ONLARIN TALEYİ NECƏ OLACAQ?

Ölkəmizdə xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar dövlət sərhədində giriş-çıxışa qoyulan məhdudiyyət mayın 31-nə qədər qüvvədə olacaq.

 

Azərbaycanda müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğunu nəzərə alsaq, ortaya belə bir sual çıxır: Bəs, görəsən onların müvəqqəti qalma müddətlərinin uzadılması məsələsi necə həll olunacaq?

 

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərov deyir ki, hazırda həmin şəxslərin müraciətləri qurum tərəfindən qəbul edilmiş hesab olunur və müvafiq dövlət rüsumu ödənilməklə təmin olunur: “Azərbaycan Respublikası ərazisində 90 gün müvəqqəti olma müddəti bitən və müvafiq dövlət rüsumunu ödəyərək həmin vaxtı 60 günədək uzadan şəxslərin ölkədə olması dövlət sərhədindəki giriş-çıxış məhdudiyyəti aradan qaldırılana qədər qanuni hesab edilir. Yəni onların 60 günlük müddəti başa çatdığı təqdirdə, heç bir dövlət rüsumu ödəmədən, heç bir müraciət etmədən sərhədlərdəki giriş-çıxış məhdudiyyəti aradan qaldırılanadək Azərbaycanda qanuni qala bilərlər”.

 

Bundan başqa, ölkədə müvəqqəti qalma müddəti 30 gün uzadılan əcnəbilər vaxtları başa çatdıqdan sonra dövlət rüsumunu ödəyərək, vaxtı daha 30 gün artıra bilərlər. Elnur Kələntərovun sözlərinə görə, ümumilikdə isə Azərbaycanda müvəqqəti olma müddətini 60 gün uzatmış şəxslərin sərhədlərdəki hərəkət bərpa olunanadək ölkədə qalmaları üçün heç bir dövlət rüsumu tələb olunmur.

 

Eyni zamanda bildirilir ki, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq.

 

Elvin Paşazadə,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv