Karantin postundan Masallıya daxil olmaq istəyən iki koronavirus xəstəsi saxlanıldı
Masallıda karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən 2 nəfər aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı rayonunun Hacıtəpə kənd sakini Mürsəl Şükürlü və Astara rayonunun Pensər kənd sakini Fərbiyə Zəkəriyayevaya koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar Masallı şəhərinin giriş hissələrində qurulmuş stasionar postlarda müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Adı çəkilən şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.