Karantin qaydaları ilə bağlı ictimai nəqliyyatda reyd keçirildi - LƏNKƏRANDA

Lənkəranda koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.

DİN-in baş inspektoru Məhəmməd Rzayev deyir ki, sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb: “Bu gün ictimai nəqliyyatda keçirilən reydlər zamanı əksər qisim insanların koronavirus infeksiyasının yayılması təhlükəsi ilə bağlı məsuliyyəti dərk edib tibbi maskadan istifadə etdiyinin şahidi olduq. Lakin bununla belə özünün və yaxınlarının sağlamlığını düşünməyərək, biganəlik nümayiş etdirərək tibbi maskadan istifadə etməyənlərə də rast gəlindi. Qaydaları pozan şəxslərlə bağlı qanunamüvafiq tədbirlər görüldü. Eyni zamanda, sürücülərə bir daha xəbərdarlıq edildi ki, nəqliyyat vasitələrinə normadan artıq sərnişin götürməklə, nəqliyyat vasitəsində sıxlığın yaranması ilə koronavirus infeksiyasının yayılması riski artır”.

Reyd zamanı polis əməkdaşları tərəfindən həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərinin də gigiyenik vasitələrdən istifadə edib-etməməsi yoxlanılıb, karantin qaydalarını pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv