Karantin rejimini pozan çay evi və kafe aşkarlanıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində  görülən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti saat 09.00-dan 15.00-dək müəyyən edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, təəssüf ki, bəzi kafe və restoranların xüsusi karantin rejimin tələblərinə məhəl qoymayaraq nəzərdə tutulmayan saatlarda fəaliyyət göstərməsinə rast gəlinir. Bu kimi neqativ halların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxt və bölgələrdə nəzarət tədbirləri daha da gücləndirilib.

 

Sonuncu belə tədbir zamanı Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Locco” çay evi, “Qorodok” kafesində müəyyən saatlardan kənar müştərilərə xidmət göstərildiyi müəyyən edilib. Həmin obyektlərin sahibləri barəsində ərazi polis orqanlarında qanuni tədbirlər görülüb.

 

Vətəndaşların nəzərinə çatdırılır ki, tətbiq edilən bu qadağada əsas məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkanlarını da saxlamaqdır.

 

Qeyd edək ki,  xüsusi karantin rejimini pozan ictimai iaşə müəssisələrinin rəhbərləri sərt şəkildə cəzalandırılacaqlar.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv