Kasıb tələbələrin təhsil haqqı xərci iki semestr tam ödəniləcək - SİYAHI
Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar verib.
APA TV xəbər verir ki, qərara əsasən, 2019-2020-ci tədris ilinin yaz semestri və 2020-2021-ci ilin payız semestri üçün həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan ali məktəb, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına tam ödəniləcək.
Qərara əsasən, aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
- ünvanlı dövlət sosial yardımı alanlar;
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
- I və II dərəcə əlilliyi olan şəxslər;
- işsiz kimi qeydiyyatda olanlar;
- yaşa görə əmək pensiyaçıları;
-yaşa görə sosial müavinət alanlar.
Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə bu Qərarda nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etməlidir. Maliyyə Nazirliyi Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etməlidir.