Keçmiş məhkum dostundan narkotik aldı, ikisi də ələ keçdi

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Fuad Dursnar üzərində narkotik vasitələr saxlamaqda şübhəli bilindiyi üçün tutulub.

 

Onun üzərində şəxsi axtarış aparılan zaman 14,482 qram narkotik vasitə olan heroin və 0,075 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. F.Dursnarın ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o, narkotik vasitələri cəzaçəkmə müəssisəsində tanış olduğu Faiq adlı şəxsdən 300 manata alıb.

 

Həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Qarayev Abşeron rayonu Xırdalan şəhərində saxlanılaraq istintaqa təqdim edilib. Onun  üzərindən və yaşadığı evdən ümumi çəkisi 350,652 qram heroin və 243,436 qram metamfetamin aşkar olunaraq götürülüb. F.Qarayev narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları bir müddət əvvəl şəxsiyyəti istintaqa məlum olmayan “Mürşüd” adlı şəxsdən əldə etdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, hər iki barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv