Keçmiş məhkum qonşusunun evindən oğurluq etdi

Masallıda həmkəndlilərinin evindən oğurluqlar edən rayon sakini saxlanılıb.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Xəlfələr kəndində yerləşən yaşayış evlərindən birindən 390 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən həmin kəndin sakini, əvvəllər məhkum olunmuş Cavat Qasımov saxlanılıb. Oğurlanmış əşyaların bir qismi Cavat Qasımovdan aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Müstəntiq Bədrəddin Yasərli deyir ki, istintaq zamanı onun digər cinayətinin də üstü açılıb: “Cavat Qasımovun ətrafında həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində onun törətmiş olduğu digər bir oğurluq cinayəti də açılmışdır. Belə ki, həmin şəxsin ötən ilin iyun ayında Masallı Rayonunun Xəlfələr kəndində yaşayış evlərinin birindən dəyəri 4500 manat təşkil edən qızıl zinət əşyalarının oğurlaması müəyyən edilib.”

 

Artıq hər iki faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv