Keçmiş məhkumlar yaxalandı – MAĞAZALARDAN OĞURLUQ ETDİKLƏRİNƏ GÖRƏ
Balakəndə mağazalardan oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda Talalar və Sarıbulaq kəndlərində mağazalardan ümumi dəyəri 3500 manat olan müxtəlif ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.
Müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törədən əvvəllər də məhkum olunmuş 24 yaşlı Tofiq Hacıyev, 27 yaşlı Turan Şindiyev və Murad Əhmədov saxlanılıb.
Araşdırma zamanı oğurlanan məhsulların bir hissəsinin Tofiq Hacıyevin dostu, Tural Zohorovun yaşadığı evdə gizlədildiyi müəyyən olunub.
Keçirilən əməliyyatın davamı olaraq Tural Zohorovun da yaşadığı evə baxış keçirilib. Bu zaman evdən müxtəlif markalı siqaretlər və dibçəkdə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb. Tural Zohorov da şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağla araşdırma aparılır.
Vüqar Heydərov
Əhməd Fərruxoğlu
APA TV