Kəlbəcərdə bal süzümü – SIRADA LAÇIN VAR...
Kəlbəcər yaylaqlarına ilk dəfə köçürülmüş arıçılıq təsərrüfatlarında sonuncu bal süzümünə başlanılıb.
APA TV-nin xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcərə köçürülən arıçılıq təsərrüfatlarının sahibləri 30 kiloqram məhsul götürməyi hədəfləsələr də, məhsuldarlıq gözləntilərin üzərində olub.
Arıçı Vahid Məmmədov bu gözləntilərdən çox yüksək məhsul əldə etdiklərini deyir: “28 ildən sonra ilk dəfə təsərrüfatlarımızı doğma Kəlbəcər yaylaqlarına köçürmüşük. Mən 50 pətək gətirmişəm. Bu gün bal süzümünü yekunlaşdırmaq üzrəyik. Pətək başına gözlədiyimizdən də yüksək məhsul əldə etmişik. Hər pətəkdən 45-50 kiloqram bal süzdük”.
Bu il Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Kəlbəcər yaylaqlarına 3537 arı ailəsi köçürülüb. Öz təsərrüfatlarını Kəlbəcər yaylaqlarına köçürməyə razılıq vermiş şəxslərə ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, onlara dislokasiya bölgəsində davranış qaydaları izah edilib.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, pilot layihə həyata keçirilən zaman qarşımızda nəzəri hədəflər vardı: “Bu gün bal süzümü həyata keçirilən təsərrüfatlarda aparılan monitorinqlər göstərir ki, məhsuldarlıq gözləntilərin çox üzərindədir. Bu həm çəki, həm keyfiyyət baxımından belədir. Bal süzümü prosesinin tam başa çatması ilə yaylaqlarda arıçılığın ən əsas dövrünün başa çatdığını elan etmək olar. Çünki artıq çəmənlərdə nektar kütləsi azalıb, artıq arıların işləməsi üçün kifayət qədər nektar kütləsi yoxdur”.
Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər yaylaqları ilə yanaşı, Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb. Laçının Qorçu, Oğuldərə və digər kəndlərinə ümumilikdə 531 arı ailəsinin köçürülməsi təmin edilib. Laçın yaylaqlarında bal süzümünə avqust ayının ikinci yarısında başlanması nəzərdə tutulur.