Kəlbəcərdə əsgərlərimizin qürur verən GÖRÜNTÜLƏRİ – APA TV

Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad etdiyi Kəlbəcərə səfər edirik. Bu dəfə yolumuz Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissəyə düşüb.

Yol boyu Kəlbəcərin gözəl guşələrini seyr edərək qızıl yataqları ilə də məşhur olan Zoda çatırıq.

Hərbi hissədə yaradılan şəraitlə yaxından tanış olduqdan sonra, dövlət sərhədində döyüş növbətçiliyində xidmət aparan Azərbaycan Ordusunun qəhrəman  əsgərlərinin yanına yolandıq.

Daha sonra dövlət sərhədində yerləşən modul tipli yerləşmə məntəqəsinə baş çəkdik. Burada hərbi qulluqçuların bütün ehtiyacları tam təmin edilib.

Dövlət sərhədində yerləşən “N“ saylı hərbi hissədə şəxsi heyətin sasial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər aparılıb. Həmçinin əsgərlərimizin ayıq-sayıqlığını təmin etmək, döyüş hazırlığını daha da yüksəltmək üçün hər cür şərait yaradılıb.

Baş leytenantımız Ülvi Vəlizadə deyir ki, burda xidmət edən heç bir zabit, heç bir əsgər havanın isti və ya soyuq olmasından çəkinmir. 

Yollandıq işğaldan azad edilən Kəlbəcərdə yeni yaradılan modul tipli hərbi hissəyə.

Xidmətin yüksək səviyyədə təşkili üçün modul tipli komplekslər xidməti otaqlar, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Qeyd edək ki, 2020-ci ilin noyabrının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladıqları bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və ərazidə qanunsuz yerləşdirdiyi dəstələrin rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Bu məsələdə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzadıb.

Nəhayət 25 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad olundu və Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Kəlbəcər

Müəllif | Apa.Tv
Apa.tv