Kəlbəcərli fermer yeni cins iribuynuzlu heyvan yetişdirib

Kəlbəcərli fermer yeni cins iribuynuzlu heyvan yetişdirib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlaxın fərdi heyvandarlıq təsərrüfatlarından birində baş verib.

Bu rayonda köçkün həyatını yaşayan kəlbəcərli fermer Malik Şahverdiyev iri buynuzlu yeni heyvan cinsi yetişdirib. O, Holsten alman cinsini yerli heyvanlarla cütləşdirməklə ciddi uğur qazanıb. Fermer bu işi dörd mərhələdə həyata keçirib. 12 illik zəhmət nəticəsində iqlimə və regional heyvan xəstəliklərinə daha dözümlü immunitetə malik olan, adi cins heyvanlardan bir neçə dəfə artıq süd verən, çəkisi və ətinin keyfiyyəti ilə diqqət çəkən yeni cins heyvanlar bazarda yüksək tələbatla qarşılanır.

Adətən, Aran  bölgəsində isti havalarda mal-qara qızdırma xəstəliyinə tab gətirməyərək məhv olur. Yevlaxda əksər fermerlər iribuynuzlu heyvanları sözügedən xəstəlikdən qoruya bilmirlər. Elə bu səbəbdən bölgəyə uyğun cinslərə tələbat artır. Bu mənada yeni yetişdirilən qara rəngli cins heyvanlar, ümumiyyətlə, qızdırma xəstəliyinə tutulmur.

Yeni cinsin 1 yaşlı erkəyi 200-220 kq ət, yenicə doğan dişi düyələr isə 8-12 litr süd verə bilir.

Yevlaxda yeni cinsə maraq böyükdür. Təsərrüfat sahibi hazırda 20-25 baş olan iribuynuzluların sayını daha da artırmağı planlaşdırır. Bu günlərdə yeni buzovlar da doğulub ki, onların hər biri dördüncü yetişmə mərhələsinin uğurlu təzahürü kimi diqqəti cəlb edir.

 

Ehtiram Muradov

Müəllif | Apa.Tv
Apa.tv