Kəmaləddin Heydərov ABŞ-ın Avropa Komandanlığının briqada generalı ilə görüşüb

Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan ilə görüşüb. Qonağı salamlayan nazir Kəmaləddin Heydərov hər iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Qurumlararası əlaqələrin, o cümlədən mülki müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir qarşılıqlı səfərlərin, təlimlərin əhəmiyyətindən söz açıb. Nüvə təhlükəsizliyi məsələlərinə toxunan nazir K.Heydərov Ermənistanda köhnə texnologiya ilə fəaliyyət göstərən və ciddi texniki problemlərinin olduğu Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün yaratdığı böyük nüvə təhlükəsi barədə danışıb. Səmimi görüşə görə təşəkkür edən briqada generalı Edvard Voqan iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. E.Voqan dənizdə neft dağılmaları ilə mübarizə üzrə uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv