Kəmaləddin Heydərov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi xanım Njupuo Yap Mariatunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.FHN-dən verilən məlumata görə, mayın 18-də qonaqlar, əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Daha sonra nazir general-polkovnik Kəmaləddin Heydərov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə görülən işlər, habelə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə danışıb. Səmimi görüşə görə təşəkkür edən Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatu, rəhbərlik etdiyi təşkilat tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Əməkdaşlıq münasibətlərinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd edən qonaq, bu məqsədlə qarşılıqlı səfərlərin, birgə təlim və seminarların mühüm töhfə olduğunu dilə gətirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Müəllif | Apa.Tv
Apa.tv