Kəmaləddin Heydərov: “Müharibə zamanı ziyan dəymiş evlər bərpa olunacaq”
“Qətiyyətli, əzmli qələbə ilə Azərbaycan xalqı tarixi günlər yaşadı. Bu, Ulu Öndərimizin həmişəki arzusu idi. Bütün Azərbaycan xalqı sevinir, ona görə ki, onun arzuları davamçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi.
APA TV xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirib.
Kəmaləddin Heydərov qeyd edib ki, Ulu Öndər bütün çıxışlarında, jurnalistlərlə görüşlərində deyirdi ki, müstəqilliyimizi qoruyun: “Bu gün Ali Baş Komandan, möhtərəm Prezidentin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən döyüşdə qazanılmış qələbə, Heydər Əliyevin sözləri ilə desək, Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir. Bu baxımdan biz ona həmişə minnətdar olmalı, ruhu qarşısında böyük minnətdarlıq hissi ilə yaşamalıyıq. Bundan sonra gələcək Azərbaycan gəncləri, uşaqları, xalqımız min illərdən sonra da yazılmış bu tarixi unutmamalıdırlar və bilməlidirlər ki, bu qazanılan qələbə uzunmüddətli strategiyanın, Azərbaycanın iqtisadiyyatının, hərbi gücünün artırılması və müdrik siyasətin hesabına olub. Allah Ulu Öndərimizə rəhmət eləsin, ruhu şad olsun və Azərbaycanın müstəqilliyi bundan sonra daha da möhkəmlənsin”.
Nazir erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri aparıldığını və həmin ərazilərdə işlər getdiyini bildirib. Onun sözlərinə görə, müharibə zamanı ziyan dəymiş evlər bərpa olunacaq: “Hazırda həmin ərazilərdə bir neçə qurum tərəfindən işlər gedir. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq”.