Kəmaləddin Heydərov yenidən Taekvondo Federasiyasının prezidenti seçildi
Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub. nazir Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarına uğurlar arzulayıb. Sonra Federasiyanın İdarə Heyətinə yeni seçki keçirilib. 1999-cu ildən federasiyanın prezidenti vəzifəsini icra edən Kəmaləddin Heydərov yenidən qurumun rəhbəri seçilib. O, növbəti 5 ildə də Azərbaycan Taekvondo Federasiyasına başçılıq edəcək.
Konfransda həmçinin Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər.
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edərək qurumun bundan sonrakı fəaliyyətində görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib.
Qurumun vitse-prezidenti Nağı Səfərov da Gənclər və İdman Nazirliyində baş tutan tədbirdə fikirlərini bölüşüb:
“Kəmaləddin Heydərov növbəti 5 il üçün federasiyanın prezidenti seçildi. Həmçinin Nizamnamədə duran digər məsələlər müzakirə olundu. Uzun müddətdir fikrimizdə var ki, ölkəmizdə dünya çempionatı təşkil edək. Pandemiya səbəbindən ötən iki ildə bunu reallaşdıra bilmədik. Ancaq növbəti dünya çempionatlarından birini Bakıda təşkil etmək istəyirik”.
Nağı Səfərov olimpiadada medal qazanmamağımızın səbəbinin daha çox pandemiya ilə əlaqəli olduğunu da qeyd edib. Lakin bundan sonra uğur qazanmaq üçün daha çox çalışılacağını vurğulayıb.
Semral Cavad,
Ceyhun Mustafayev,
APA TV