Kənan Quluzadə: “Daxili turizmin bərpası istiqamətində davamlı işlər aparılır”

Ölkəmizdə pandemiyanın zərər vurduğu sahələrdən biri də turizmdir.

 

APA TV-nin məlumatına görə, karantin rejiminin yumşaldılması ilə bir sıra sahələr kimi turizm sektoru da yavaş-yavaş öz əvvəlki vəziyyətinə qayıtmaq şansı əldə edib. Turizm şirkətlərindən birinin rəhbəri Pərviz Musayev deyir ki, turizmi əvvəlki vəziyyətinə qaytarmaq xeyli zaman alacaq: “Şirkətlərin, otellərin müəyyən müddət fəaliyyət göstərməməsi, həmçinin işçi ixtisarları və turist axının dayanması nəyinki turizmə, həmçinin iaşə obyektlərinə də böyük zərbə vurdu. Çünki Azərbaycana gələn turist yerli turizm şirkətlərinin xidmətlərindən istifadə ilə yanaşı, taksi, restoran, həmçinin müəyyən ticarət obyektlərinin xidmətlərindən də istifadə edirdi. Bu da birmənalı olaraq ölkəyə pul axınını təşkil edirdi. Əlbəttə ki, yerli turizm şirkətləri böhranda nə itirdi, nə qazandı desək, pandemiya dövründə turizm şirkətləri heç nə qazana bilmədi və yalnız zərər etdi”.

 

Şirkət rəhbəri deyir ki, pandemiya dövründə potensialı və uzunmüddətli planları olmayan turizm şirkətləri bazardan xaric olub: “Turizm şirkətlərinə subsidiyalar ayrılsın və bu subsidiyaların gələcəkdə istifadəsinə  nəzarət komitəsi yaradılsın ki, turizm şirkətləri bu subsidiyaları gələcəkdə turizmin inkişafı üçün, Azərbaycana turist axınının yenidən bərpası üçün düzgün şəkildə istifadə etsinlər”.

 

Turizm eksperti Rəhman Quliyev isə bildirir ki, təxminən 1 illik pandemiya dövründə hava nəqliyyatı, sərhədlər bağlandığına görə, demək olar ki, turizm Azərbaycanda iflic vəziyyətinə düşüb: “Yenidən turizm sənayesinin canlandırılması üçün turizmçilərə mütləq şəkildə, bu sahədə fəaliyyət göstərən şirkətlərə müəyyən qədər maddi yardım olsun ki, biz turizmi yenidən normal həyata qaytara bilək. Və ən azından turizm sahəsində və bu sahə ilə əlaqəli çalışan 50 mindən yuxarı işçinin də iş yerinin qalması və bərpa olunması önəmli məsələlərdən biridir”.

 

Ekspert qeyd edir ki, pandemiya dövründə bir sıra ölkələrə məhdud sayda aviareyslər təşkil olunsa da, hazırda aviabiletlərin qiyməti gözləniləndən daha bahadır: “Avia kampaniyaların iş sistemi ilə, eyni zamanda, bazarda da yerli otellərlə əməkdaşlıq sıx olmalıdır. Turizm şirkətləri burada kənarda qalmamalıdır. Təəssüflər olsun ki, bu günkü gündə aviabiletlərin və otellərin qiymətləri ötən ilin müvafiq dövründəki qiymətlərdən 2 qat, bəzi hallarda 3 qat daha bahadır”.

 

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə bildirir ki, təmsil etdiyi qurum turizm sənayesinin bərpası istiqamətində davamlı işlər aparır və bunun üçün yeni layihələr hazırlanmaqdadır. İlkin mərhələdə əsas prioritet daxili turizmin bərpası istiqamətindədir: “Otellərdən, turizm şirkətlərindən aldığımız məlumata görə, hazırda otellərdə rezervasiya yüksək səviyyədədir. Bu günlərdə demək olar ki, bəzi istiqamətlərdə bir çox otellərdə şənbə və bazar günləri üçün nömrə sifariş etmək çox qəliz məsələdir. Artıq ilkin sifarişlər verilib. Bu il bütün dünyada daxili turizmin bərpası gözlənilir. Çünki gediş-gəliş turizmi, xarici turizmin bərpası daha qəliz prosesdir”.

 

Azərbaycan ilə qonşu dövlətlər arasında sərhəddə məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində də geriləmə qeydə alınıb.

 

Koronavirusun tüğyan etdiyi 2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv