Kənddə iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı
Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Garis Əyribənd kəndində qeydə alınıb. Kənd sakini, 63 yaşlı Dilqəm Nadirovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla, həmin yolda hərəkətdə olan rayonun Ərəbqubalı kənd sakini, 56 yaşlı Əvəz Səmidovun idarə etdiyi "VAZ 2106" markalı avtomaşın toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomaşının sürücüsü Əvəz Səmidov və onun sərnişinləri - Ərəbqubalı kənd sakinləri, 59 yaşlı Əliyeva Zərifə Cəlil qızı, 52 yaşlı Səmidova Yeganə Güləkbər qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov, APA TV