Kəndin örüş sahəsini zəbt etdilər - SAKİNLƏR KÖÇMƏK İSTƏYİR

Saatlı rayonunun Mircəlal kəndinin bir qrup sakini örüş torpaqlarının zəbt olunduğunu deyirlər. Sakinlərin sözlərinə görə, kənddə əsas məşğuliyyət növü heyvandarlıq olsa da, örüş torpaqlarının zəbt olunması səbəbindən onunla da məşğul ola bilmirlər. Heyvandarlıqla məşğul olmaq üçün əlavə yem alırlar ki, bu da onların bu sahədən xeyir götürməməsinə səbəb olur.

Kənd sakinləri deyir ki, 1996-cı ildə torpaq islahatı zamanı onlara örüş yeri ayrılsa da, sonradan həmin torpaqlar müxtəlif adamlar tərəfindən zəbt olunub.

Kənd sakini Əlimurad Əhmədov torpaq islahatı zamanı 170 hektar ərazi ayrıldığını deyir: “1996-cı il torpaq islahatından sonra sakinlərə 170 hektar örüş yeri ayrılıb. Örüşün də oradan-buradan otlaq yerlərin əkirlər. Qalan hissəyə biz mal-qaramızı keçirə bilmirik. Bu dəqiqə mənim mallarım həyətimdədir, yəni örüşə aparmağa imkan vermirlər. Başa düşmürəm, hamının torpaq payı verilib. Əgər onları öz torpaq payları qane etmirsə getsinlər bələdiyyədən alsınlar. Götürüb əkirlər, guya bələdiyyə torpaqlarıdır. İslahatlarda mən kiçik fermer kimi iştirak etmişəm. Bu xəritəni o qədər dəyişib, saxtalaşdırırlar ki, deyirsən bura örüş yeridir, deyirlər yox bura bələdiyyəyə aiddir. Axı iştirak etmişəm, bilirəm ki, örüşdür”.

Yusif Hümbətov deyir ki, dəflərlə aidiyyəti qurumlara müraciət etsələr də, problem öz həllini tapmır ki, tapmır: “7 aydır 80 ailənin adından müraciət etmədiyim yer qalmayıb. İcra Hakimiyyətində bizə bir ildir söz  verirlər ki, düzələcək. Bizim mal örüşümüzü tamam zəbt ediblər. Həmin adamlar da, hamısı başqa kəndlərdə olan torpağını satıb, gəlib buranın örüşünü zəbt ediblər. Üstəlik də bizim yolumuzu kəsiblər. Üstəlik icradan deyirlər ki, sabah bir gün həll olunacaq. Hər yerə müraciət etsəm də, faydası yoxdur, olan mallarımız qalıb həyətdə”.

Hüseynağa Mirzəyev də yaranan vəziyyətdən şikayətçidir: “Biz neçə ildir şikayət edirik, şikayətimizə baxmırlar. Yaşayışımız, dolanışığımız mal-qaradır. Başqa dolanışığımız yoxdur. Zavod, fabrikimiz yoxdur. Şikayətimiz ancaq örüşün olmamasındadır”.

Məsələnin həll olunmadığını görən bəzi sakinlər, o cümlədən Eflan Hümbətov isə çıxış yolunu kənddən köçüb getməkdə görürlər: “Bir ildir müraciət edirik. 169 hektar mal örüşümüz var. 1996-cı ildə torpaq islahatı bitib. İndi həmin məmurlar onun bir hissəsini bələdiyyələr, icra nümayəndəsi tərəfindən rüşvət müqabilində satıblar. İndi də bir ildir yollarımızı bağlayıblar, keçə bilmirik. 11 baş ailəyəm. 7-8 baş malım var. Gözümü ona tikmişəm. Su yox, örüşümüzü əlimizdən alıblar, bircə qalır köçüb gedək”.

Məsələyə münasibət bildirən Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşfiq Hadıyev isə başqa fikirdədir. İcra hakimiyyətinin rəsmisi qeyd edir ki, 170 hektar örüş ərazisi sakinlərin ümumi istifadəsindədir: “Kənd sakinlərinin  müraciəti aidiyyəti üzrə iqtisadiyyat nazirliyi yanında əmlak məsələləri üzrə dövlət xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı məlum olub ki, həqiqətən də sözügedən torpaq sahələri Mircəlal bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahələridir. Həmin torpaq sahələrinin 160 hektarı hal-hazırda kənd sakinlərinin ümumi istifadəsində olmaqla heyvandarlıq üçün istifadə olunur. Qalan 10 hektar torpaq sahəsində ölkəmizdə torpaq islahatları keçirilənə qədər bəzi kənd sakinləri tərəfindən yaşayış evləri tikilmişdir. Eyni zamanda əmlak məsələləri dövlət xidmətinin müraciəti əsasında məsələ Saatlı Rayon Polis Şöbəsində də araşdırılmışdır. Hal-hazırda Mircəlal kənd rəhbərliyi həmin 10 hektara qədər torpaq sahəsinin təyinatının dəyişdirilərək ev tikintisi üçün Nazirlər kabineti qarşısında vəsatət qaldırmışdır. Bu da öz həllini tapacaqdır”.

Kənd sakinləri isə deyir ki, torpaqların ümumi istifadədə olması yalnız kağız üzərindədir. Çünki qazılan xəndəklər, əkilən torpaq sahələri sakinlərə mane olur ki, mal-qaralarını örüş sahələrinə aparsınlar.

Ümid edək ki, sakinlər Mircəlal kəndindən köçüb getmədən icra hakimiyyəti bu məsələni həll edəcək.

 

 

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv