“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində 6 kurqan tipli qəbir abidəsi tapıldı

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yeni tarixi abidələr aşkar edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Gürcüstanla sərhəddə yerləşən qoruğa gedən yolun inşası zamanı tapılan abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparılıb.

“Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük, altında 4 daş qutu qəbir aşkar edilib.

Arxeoloq Pərviz Qasımov deyir ki, kurqanların birində son tunc dövrü üçün xarakterik olan dəfn adəti də müəyyən edilib: “Arxeoloji xilasetmə işləri nəticəsində burada 6 kurqan tipli qəbir abidəsi aşkar olunub. Hər biri 5 kvadrat metr olmaqla 114 kvadrat metr tədqiqat sahəsi ayrılmışdır. Nəticədə o ərazidə səcdəgah abidələrinin qalıqları aşkar edilib. Ətrafda da kəşfiyyat işləri aparılıb”.

Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat, tuncdan nizə ucluğu, azuqə qalıqları aşkar edilib.

Pərviz Qasımovun sözlərinə görə, tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilib: “Deyə bilərik ki, kurqanlar abidəsi Xocalı-Gədəbəy mədəniyyətinin erkən mərhələsini özündə əks etdirən bir ərazini əhatə edir. Göründüyü kimi, bu, mədəniyyətin ilkin formalaşması məhz qoruq ərazisinə Ağstafa ərazisinə düşür”.

Ərazidən tapılan maddi mədəniyyət nümunələrinə gəldikdə isə onlar qoruğa təhvil veriləcək və turistlər üçün yaradılacaq xüsusi muzeydə yerləşdiriləcəklər. Əldə olunan nəticələr göstərir ki, “Keşikçidağ kurqanlar vadisi” qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv