KİVDF-yə yeni İcraçı direktor təyin edildi - DOSYE

Əhməd Məhəmməd oğlu İsmayılov Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.

APA TV-nin xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Əhməd İsmayılov 1980-ci ildə anadan olub. O bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb.

2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

2008-2011-ci illərdə Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb. 20 iyun 2018-ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub. Əhməd İsmayılov Prezidentin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır.

Ailəlidir.

Müəllif | Apa.Tv
Apa.tv