Kiçik kollektivlə böyük uğur: 10 yaşlı Kulis.az-dan REPORTAJ

Kulis az-ın 10 yaşı tamam oldu. “APA Media Group"un tərkibində yaranan, böyük oxucu kütləsi olan bu elektron dərgi 2011-ci il aprelin 4-də oxucularla görüşüb.

 

APA TV xəbər verir ki, o gündən bu yana portalda ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar dərc olunur. Bu gün isə dərginin oxucularını Kulis-in “mətbəxi” ilə tanış edəcəyik.

 

Kiçik kollektivlə böyük uğur qazanan kulisin 4 əməkdaşı var. Baş redaktor Şərif Ağayar deyir ki, Kulis.az “Azərbaycanda oxucu yoxdur” deyənlərə bir sübut oldu: “Kulis Azərbaycanda oxucu yoxdur deyənlərin sözünü ağzında qoydu, onu inkar etdi ki, elə deyil, oxucu var, ədəbi proses də var. Kulis onun başında gələn layihə oldu. Kulis Azərbaycanın demək olar ki, yeni dövr aktiv yazarlarını öz ətrafında birləşdirə bildi. Təkcə ədəbiyyat istiqaməti deyil, bütün mədəniyyət sferasını əhatə etdi. Kino, teatr, tərcümələr, təhlillər və eyni zamanda əyləncəli materiallar dərc olunur. Biz çalışırıq ki, dünyanın trendləri ilə ayaqlaşaq, geriyə qalmayaq. Əsas hədəflərdən biri də budur. Kulisin məqsədi bundan ibarətdir ki, intellektual mətləbləri həm də geniş auditoriyaya çıxartmaqdır”.             

 

Yazıların ərsəyə gəlməsi üçün bəzən redaktor da tərcüməçi və ya müxbir kimi çalışır. Redaktor Sərdar Amin deyir ki, bu əməyin qarşılığında onları sevindirən isə oxucularının bol olmasıdır: “Mən artıq iki ilə yaxındır ki, Kulis-dəyəm. Təklif gəldi, həmin ərəfədə bir çox işlərim var idi, mən düşünmədən qərar verdim. Çünki Kulis öz sözünü demiş, öz yolunu seçmiş saytdır. Bu gün, ümumiyyətlə, mədəniyyət mediası öz zəncirini qırıb. Kulis-in artıq öz yolu var. Kulis həm oxucu potensialını əlində saxlamalıdır, sənət, mədəniyyət mənşəyini əldən verməməlidir. Elə bütün bunları nəzərə alanda biz də təkcə redaktor olmamağa məcburuq. Biz yeri gələndə müxbir, tərcüməçi, yazıçı həm də ideoloq  oluruq. Proses nəyi tələb edirsə onu icra edirik”.

 

Kulis.az-ın sevilməsinin əsas səbəbi burada işıq üzü görən yazıların mürəkkəb, çərçivəli deyil, daha asan, anlaşıqlı üslubla yazılmasıdır. Elə gənc yazarlar da Kulis vasitəsilə öz yazılarını oxuculara çatdıra bilir, fikirlərini lazımsız çərçivəyə salmadan oxuculara təqdim edirlər.

 

Samirə Əşrəf deyir ki, 2011-ci ildən saytla əməkdaşlıq edirəm: “Mən Kulis-lə 2011-ci ildən əməkdaşlıq edirəm. Sonradan bu əməkdaşlıq daha da genişləndi. Həm də yazıçı kimi öz sözümü deyə bilirəm, sırf ədəbiyyat saytı olduğu üçün. Başqa saytlarda işləsəm, parçalana bilərəm, amma burada ədəbiyyatın içərisindəyəm. Ədəbi tendensiyalardan, yeniliklərdən xəbərim olur. Baş verənlərlə ayaqlaşmağa çalışırıq.”

 

Gənc yazar Ulucay Akif isə tələbəlik illərindən Kulis.az-la əməkdaşlıq edir:  “Kulis-i 2013-cü ildən izləyirəm, tələbəlik illərimdən. Hər dəfə mənim yazılarım, şeirlərim dərc olunanda çox xoşbəxt olurdum. Artıq yarım ildir ki, burdayam. Nə yalan deyim, çox xoşbəxtəm. Çünki kollektivin özü yaradıcı insanlardır. Burdakı ab-hava heç yerdə ola bilməz. Bəzən bir-birimizdən küssək belə, nəyəsə görə kefimiz olmasa belə, yenə də bilirsən ki, bu otaqdakı insanlar səni hər halından başa düşəcək. Ola bilər ki, sən öz-özünü çərçivə salsan belə, iş yoldaşların deyir ki, aç özünü, bir az da sərbəst yaza bilərsən”.

 

Sayt növbəti illərdə də mədəniyyət və ədəbiyyatımızın inkişafı istiqamətindəki fəaliyyətini davam etdirəcək. Uğurlarınız davamlı, oxucularınız bol olsun, əziz həmkarlar!

 

Fatma Zahidqızı,

Faiq Həsənov,

APA TV

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv