Kimlər amnistiyaya düşüb?
Amnistiya Aktı 86 Vətən müharibəsi iştirakçısına şamil olunub
Amnistiya Aktı tətbiq edilən Vətən Müharibəsi iştirakçılarının sayı açıqlanıb.
APA TV-nin xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
O bildirib ki, Amnistiya Aktı 86 Vətən Müharibəsi iştirakçısına şamil olunub.
Bundan başqa, vaxtından əvvəl cəzadan azad olunan məhkumların sayı bilinib: “İki il ərzində Pentensiar Xidmət yanında xüsusi komissiya tərəfindən 3560 məhkumla bağlı məhkəmələrə müraciət edilib və onlar vaxtından əvvəl cəzadan azad olunub.
840 məhkum isə məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilib”.
Malik Ələkbərov qeyd edib ki, 2000-ci ildən bu vaxta qədər Azərbaycanın Cinayət Məcəlləsinə 1000-ə yaxın dəyişiklik edilib.
O bildirib ki, dövlət başçısının tapşırığı ilə cəzaların icrasına da 200-dən artıq dəyişiklik olunub.
Dəyişiklik nəticəsində qərarlardan şikayət vermək, məhkumların pulsuz müayinələrdən keçirilməsi, onların telefonla danışmaq və digər hüquqları təmin edilib. Bu prosesdə, həmçinin 2200-ə yaxın məhkum cəzadan azad edilib.
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova qeyd edib ki, Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni cəzaçəkmə müəssisəsi inşa olunub. O bildirib ki, artıq binanın tikintisi tam başa çatıb.
Nazirliyin Probasiya Xidmətinin rəisi Musa Hümbətov deyib ki, Amnistiya aktının icrası ilə bağlı 5730 nəfərin ölkədən çıxışına qoyulan qadağa götürülüb.
O bildirib ki, cəzadan azad edilən şəxslərin 24 saat ərzində qadağası ləğv edilib.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə bildirib ki, qarşıdakı aylarda əfv sərəncamı imzalana bilər.
Sevinc Vaqifqızı,
Ceyhun Mustafayev,
APA TV