Kimlərin qismən səfərbərliyə cəlb olunacağı açıqlandı - RƏSMİ
"Vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcək".
APA TV-nin məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev brifinqdə bildirib.
Onun sözlərinə görə, sərəncamda Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə tapşırılıb ki, təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılması və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirsin:
"Səfərbərlik Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və xüsusi birləşmələri müharibə dövrü üçün müəyyən edilmiş təşkilati ştat strukturuna keçilməsinə dair tədbirlər kompleksidir”.
Dövlət Xidmətinin rəsmisi kimlərin qismən səfərbərliyə cəlb olunacağını da açıqlayıb: “Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq, 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar”.
Xidmət, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün imkanlara malikdir: “Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, tərəfimizdən zənglər və SMS-lər daxil olduqda dərhal hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlsinlər”.
Zaur Abdullayev bildirib ki, son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün onlara müraciət edib.
Həmidağa Məcidov,
Musa Qulammirzəyev,
APA TV