Kinozallarda su içmək istəsəniz, nə etməlisiniz?

Bu gündən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə bir sıra obyektlər artıq fəaliyyətə başlayıb.


APA TV-nin məlumatına görə, maraqlıdır görəsən kinoteatrlar, kitabxanalar və bir sıra əyləncə mərkəzləri hansı qaydalar əsasında müştərilərə xidmət göstərəcək?


Nizami kino mərkəzinin direktoru Leyli Mirzəyeva deyir ki, kinoteatrlar bu gündən fəaliyyətə başlasa da, repertuarlarındakı filmlərin yenilənməsi və xarici filmlərin kirayə götürülməsi bir həftə vaxt aparacaq. Kinoteatrlara girişə isə yalnız vaksinin hər iki dozasını vurduran vətəndaşlar üçün mümkün olacaq: “Zallarda vətəndaşlar müəyyən məsafədə oturacaq. Ən əsası isə kino mərkəzə daxil olarkən yalnız hər iki doza vaksin olunan şəxslər buraxılacaq. Kinoya baxarkən maska taxmaq qaydası tətbiq olunur. Lakin yeni qaydalar tətbiq oluna bilər”.


Bəs filmə baxarkən su və yemək istəyən vətəndaşlar necə etməlidir? Leyli Mirzəyeva deyir ki, bununla bağlı Nazirlər Kabinetinə və Operativ Qərargaha müraciət edilib. Yaxın günlərdə ətraflı məlumat verilməsi gözlənilir. Hələlik isə kinoya baxarkən tibbi maska taxmaq məcburidir.


Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxana və digər dövlət tabeliyində olan ictimai kitabxanalar da bu gündən fəaliyyətə başlayıb. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun sözlərinə görə, bir ildən çoxdur ki, onlar onlayn üsulla xidmət göstəriblər. İndi isə ənənəvi fəaliyyətə başlayıblar. Kitabxanalardan da yalnız yaşı 18-dən yuxarı, iki doza vaksin olunan vətəndaşlar istifadə edə biləcək. Kitab oxuyarkən maska taxmağa gəlincə... ”İnsanlar kitabxanaya kitab oxumağa gəlir, burada yüksək səslə oxumadıqlarına görə,  tibbi maska taxmalıdır. Eləcə də kitabxanamızda spirtlə dezinfeksiya, məsafə saxlamaq qaydaları qüvvədədir”.

 

Əyləncə məkanları da bu gündən öz işini bərpa edib. Qida qədər əyləncənin də önəmli olduğunu deyən sakinlər uzun müddətdir bu günü gözlədiklərini və əyləncə mərkəzlərinin bir daha qapadılmamasını arzu edirlər:


- Bu gündən uşaqlarımızı rahat gətirə bilirik, lakin həftə sonu gəlirik ki, sıxlıq olmasın. Uşaqlar daha çox attraksionlarda oynamaq istəyirdilər, o da bağlı idi. Nəhayət ki, indi açılıb, uşaqlarımızı gətirmişik.

 

- Mən atlarla oynadım. Ən çox xoşuma gələn oyuncaq atlar oldu.


Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, fəaliyyətə başlayan xidmət sahələrindən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.


Semral Cavad,

Xəqani Hüsynov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv