Kişi öz həyətində qazdırdığı quyuda uçqunun altında qalaraq öldü
Yardımlı rayon sakini torpaq uçqunu altında qalaraq ölüb.
Bədbəxt hadisə günorta saatlarında, rayonunun Gavran kəndində baş verib. 31 yaşlı Vüsal Qüdrətov həyətyanı sahəsində su quyusu qazdırıb. Vüsal Qüdrətov quyudan su çıxıb-çıxmadığını öyrənmək üçün quyuya düşüb. Bu zaman quyuda torpaq uçqunu baş verib. Vüsal Qüdrətov dərinliyi təqribən 5 metr olan quyuda, uçqunun altında qalıb.
Dərhal hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Uçqun yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində Vüsal Qüdrətovun meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.