Kitab və dərsliklərlə bağlı verilən qərar nəyi dəyişəcək?
“Kitab və kağız məmulatlarının Əlavə Dəyər Vergisindən azad olunması uzun zamandır ki, təklif edilirdi. Nəhayət bu gün Milli Məclisdə bu məsələ müzakirə olunub və kitablar ƏDV-dən azad olunacaq. Bu qərar kitabların satış qiymətinə təsir edəcəkmi?”
Mücrü Nəşriyyatının təsisçisi Müşfiq Xan deyir ki, birmənalı olaraq kitablar üçün kağızın üzərinə qoyulan ƏDV-nin götürülməsi, kitabların həm satışına, həm də daha uyğun qiymətə satışa çıxarılmasına təsir edəcək: “Bir çox mütaliə həvəskarları var ki, onlar tələbədir, təqaüd alır, amma büdcələri yetmir ki, hər ay istədikləri kitabların hamısını alsınlar. Bir kitabı alanda üç kitabda gözü qalır. Təbii ki, onların artıq büdcəsi də kifayət edəcək ki, daha çox kitab alsınlar, daha çox oxusunlar”.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən kitabların, habelə dərsliklərin idxalı və satışı da ƏDV-dən azad olunur. Şair, tərcüməçi Səlim Babullaoğlu dərsliklərin ucuzlaşmasının oxu mədəniyyətinə müsbət təsir göstərəcəyini vurğulayır: “Burda ən sevindirici məqam odur ki, dərsliklərin qiyməti ucuzlaşa bilər. Dərsliklərin qiymətinin daha əlçatan olması daha perspektivli görünür. Çünki şagirdlər, məktəblilər, həm cari dərslikləri, həm də digər kitabları almağa imkanları çatacaq. Bu da onların dünya görüşünün, kitaba marağının formalaşmasında daha xoş təsir olacaq”.
Redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin ƏDV-dən azad olması isə qəzet oxucularına da müsbət təsir edəcək. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, gecikmiş olsa da, doğru qərardır: “Mən hesab edirəm ki, bu gecikmiş olsa da, doğru qərardır. Qəzet bir sənayedir, mətnin çapında, materiallarda kağızdan istifadə olunur. Qəzet kağızı fərqli qiymətlərdədir. Kağızın bir tonu 1100, 1200 manat civarında dəyişir. Kağızın hər tonunda 18-20 faiz ucuzlaşma, 180-200 manat civarında ucuzlaşma deməkdir. Bizim artıq oxucuya 40 qəpikdən deyil, 35-30 qəpikdən qəzet təklif etməyimiz üçün şərait yaranır”.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı parlamentdə ictimai müzakirə təşkil olunub. Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.