“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” təqdim olundu – APA TV

Qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan ˝Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq˝ kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə yazıçılar, ictimai şəxslər, oxucular iştirak edib. Nəşrin müəllifləri Xalq yazıçısı, ADU-nun rektoru, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevdir. Onların fikrincə, “Kitabi-Dədə Qorqud” bizə qədim əcdadlarımızın dastanın dərin qatlarında gizlənmiş təfəkkürünə xas olan demokratik əhvaldan danışmaq imkanı verir. Tədbirdə çıxış edənlər bildiriblər ki, sözügedən kitab həm qorqudşünaslar, həm də informasiya nəzəriyyəçiləri üçün eyni dərəcədə maraqlı olacaq. Çünki qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir ki, tətbiq edilir. Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq, qeyri-səlis çoxluqlar, epistemik (epistemoloji) və münasibətlər sütunu haqqında yazılıb. Tədbirin sonunda müəlliflər oxucular üçün kitabı imzalayıblar. AYNUR QARA

Müəllif | Apa.Tv
Apa.tv