Köhnə daş dəyirmanın əvəzsiz unu: Çörəyin ətri insanı məst edir

Qax rayonu İlisu kəndindəki daş dəyirman uzun illərdir ki, fəaliyyət göstərir. İlisu kənd sakini Rəşad Bəkirov deyir ki, daş dəyirman ona babasından miras qalıb. Onun sözlərinə görə, dəyirman qurulub işə düşdüyü gündən bu günə kimi fəaliyyətini dayandırmayıb. 

Dəyirmançı deyir ki, bu peşəni sevə-sevə icra edir.

Buğda, qarğıdalı və digər dənli bitkiləri üyüdüb un istehsal edən daşlar elektrik mühərrikləri vasitəsi ilə hərəkətə gətirilir. Dəyirmana gətirilən dənli bitkilər və onlardan istehsal edilən unun çəkisini təyin etmək üçün yaşı 150 ildən yuxarı olan qədim tərəzidən istifadə edilir.

Dəyirmanda hazırlanan undan İlisu sakinləri ilə birgə ətraf kəndlərin və  qonşu rayonların sakinləri də bəhrələnirlər. Xüsusilə pəhriz saxlayan insanlar bu dəyirmanın unundan istifadə edirlər. Uzun illərdi bu dəyirmanın unundan istifadə edən sakinlər deyir ki, bu unun əsas fərqi odur ki, təmiz məhsul əldə edirik. Öz məhsulumuzun çörəyini yeyirik.

Qeyd edək ki, ötən əsrin 60-cı illərinə kimi İlisu kənd sakinləri Kürmük çayının sahilində fəaliyyət göstərən bir-neçə su dəyirmanından istifadə ediblər. Lakin çayda tez-tez daşqınların olması dəyirmanları işlətməkdə çətinlik yaradıb. Kənd ötən əsrin 50-ci illərində elektrik enerjisi ilə təchiz edildikdən sonra kəndin yuxarı hissəsində bu dəyirman tikilib.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu,  APA TV, Qax

 

 

Müəllif | Apa.Tv
Apa.tv