Kömək üçün müraciət edən qadının telefonunu götürüb qaçdı

Binəqədi ərazisində ayrı-ayrı şəxslərə məxsus əsasən “VAZ-2121” markalı avtomobillərin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Kazımov tutulub.

 

Saxlanılan şəxs avtomobillərdən oğurluq edərkən ərazidəki kameralar vasitəsilə də onun əməlləri lentə alınıb. Əli Kazımov ifadəsində bildirib ki, “Niva”lardan oğurladığı səsgücləndirici, maqnitofon və s. əşyaları onlayn alış-veriş saytlarında satışa çıxarıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi daha bir əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin də üstü açılıb. Tədbir zamanı cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub.

 

Qeyd edək ki, hadisə zamanı zərərçəkən qadın yaşadığı ünvana getmək üçün taksi sifariş edib. Zərərçəkən şəxs sürücüyə yeri izah etməkdə çətinlik çəkdiyinə görə təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O, isə qadının telefonunu götürərək hadisə yerindən qaçıb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv