Komendant saatını pozan “jurnalist”in maşınından narkotik çıxdı
Cəbrayıl rayon sakini Zeynullah Əsədov idarə etdiyi “Naz Lifan” markalı avtomobillə Ağcabədi-Beyləqan yolunda komendant rejimini pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, sürücü əvvəlcə polislərə özünü “jurnalist” kimi təqdim edərək, “Cinayətkarlığa Qarşı Mübarizə” qəzetinin redaktoru olduğunu bildirib və məsuliyyətdən yayınmağa çalışıb. Amma sürücünün davranışları polislərdə şübhə doğurduğundan, onun avtomobilinə baxış keçirilib.
Baxış zamanı Zeynullah Əsədovun nəqliyyat vasitəsindən 10 büküm satış üçün nəzərdə tutulan 83 qram narkotik vasitə marixuana və heroin, 2 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, həmçinin kəsici alətlər polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Zeynullah Əsədov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.