Komitə sədri diaspor təşkilatlarına səsləndi: “Düşmənçilik etməyin”
"Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanıb".
APA TV-nin məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xaricdəki azərbaycanlıların bir araya gəlməsi üçün 10 Avropa ölkəsində “Azərbaycan evi” yaradılıb. Bu ölkələr Almaniya, İspaniya, İtaliya, Belçika, Macarıstan, Türkiyə, Polşa, Ukrayna və Gürcüstandır. Gələcəkdə daha 8 ölkədə bu layihə davam etdiriləcək.
Komitə sədri bəzi diaspor təşkilatları arasında fikir ayrılığı ilə bağlı səsləndirilən fikirlərə toxunub: “Az vaxtda bu istiqamətdə müsbət nəticə əldə etdik. Bu gün o təşkilatlar birgə fəaliyyət göstərir. Biz demirik ki, mütləq birgə fəaliyyət göstərin, ancaq düşmənçilik də etməyin. Bizim ümumi düşmənimiz bəllidir, Dağlıq Qarabağ məsələsi var, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Ona görə də biz düşmənə heç bir şans verməməliyik ki, Azərbaycan diasporu haqqında mənfi fikirlər səslənsin. Hamımız ölkəmizin milli maraqlarına xidmət etməliyik. Biz onlara da bildiririk ki, birlik olan yerdə dövlət sizin yanınızdadır və sizə daha çox dəstək olacaq”.
Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlıların problemlər ilə bağlı bildirdi ki, əsas problem təhsillə bağlıdır:
“Xaricdə yaşayan azərbaycanlı şagirdlər üçün xüsusi dərsliklər hazırlanıb. Azərbaycanlıların yaşadığı bütün ölkələrə bu dərsliklər göndəriləcək”
Gürcüstandakı Azərbaycan məktəblərində müəllimlərin yaşlanması orada müəllim çatışmazlığına səbəb olub. Problemin həlli üçün Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması danışıqları gedir.
Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil alması məqsədilə kvota razılığı əldə edildiyini deyən komitə sədri bu istiqamətdə də çalışıldığını diqqətə çatdırıb.
İlahə Vəliyeva, Əli Ələkbər APA TV