Komitə sədri: "Qadınlar tərəfindən döyülən kişilər mənə 2 dəfə müraciət edib"

Azərbaycanda bu il aprelin 1-nə qeydiyyatda olan qadın sahibkarların sayı 186 390 nəfər təşkil edib.

APA TV-nin xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, 2012-ci ildə ölkədə qadın sahibkarların sayı 73 469 nəfər olub: “İlk araşdırmamıza görə, 4-5 faiz qadın sahibkarlar var idi. 2019-cu il aprelin 1-nə olan məlumata görə, 2012-ci ildə qadın sahibkarların sayı 73 469 nəfər olub. Qısa bir müddətdə, 7 il ərzində qadın sahibkarların sayı artıb”.

 

Erkən nikahlar mövzusuna toxunan Hicran Hüseynova deyib ki, qanunda qızların nikah yaşı göstərilib: “Təəssüf ki, hansısa hadisə olanda onu araşdırmağa, səbəbləri ilə maraqlanmağa başlayırıq. Tutaq ki, rayonda hansısa toy olanda, hamı bəy və gəlinin neçə yaşı olduğunu bilir. Ona görə də mən rayonlarda insanlarla görüşdə, qəbulda bu məsələləri qeyd edirəm. Məktəbdə çalışan müəllimlər hələ də erkən nikahlarla bağlı problemi dərk etmirlər. Ona görə də belə ailələrlə iş aparılır”.

 

Komitə sədri qeyd edib ki, 2011-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub: “Deyək ki, bu, bizi kifayət qədər rahatlaşdırır, təbii ki, yox. Əlbəttə ki, bu istiqamətdə çalışırıq ki, işləri daha da gücləndirək. Burda tək bir komitənin fəaliyyəti yox, bu işə bir çox qurumlar qoşulur. Bu işlər də Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanımın birbaşa nəzarətindədir”.

 

Hicran Hüseynova qeyd edib ki, bu gün əsas problemlərdən biri də sığınacaqların olmamasıdır: “Bizim sığınacaqlar yoxdur ki, zəruri halda uşaqları yerləşdirək. Hansısa müddət o uşaqlar həmin sığınacaqlarda yerləşdirilə, onlara sosial işçilər, psixoloqlar dəstək verə bilər. Dünya ölkələrində elə sığınacaqlar bələdiyyələr tərəfindən yaradılır”.

Hicran Hüseynova qadınlar tərəfindən döyülən kişilərlə bağlı 2 dəfə müraciət aldığını bildirib: “85 yaşlı kişi şikayət edib, Arvadın isə 82 yaşı vardı. Bizim psixoloqlar, mən söhbət etdik. Nəvə-nəticələri də vardı. Məlum oldu ki, kişidə Alzheimer, yaddaş xəstəliyi yaranıb, döyülmə halı olmayıb. Digər bir hal isə həbsxanada qarşıma çıxıb. Orda gözəl qadın gördüm. Mənə dedilər ki, həyat yoldaşının başını kəsib. Məlum oldu ki, həyat yoldaşı narkoman olub, onu döyüb. Qadın elə hala düşüb ki, həyat yoldaşı yatan zaman başını kəsib”.

 

Sonda komitə sədri jurnalistlərin suallarını cavablandırıb.

Müəllif | Apa.Tv
Apa.tv