Kondisioner suyunu necə pula çevirək?
Elədir, paltarı demək olar ki, qurumuş halda ipdən asırsan, di gəl ki, yığanda bəzən azacıq, hərdən isə tamamilə su içində olduğunu görürsən. Qonşudakı Fatma xala da qışqır-bağır salaraq özündən bir mərtəbə yuxarıda yaşayan qonşusunu təqdir yox, təhqir edir. Və ya blokdan çıxar-çıxmaz sanki Bakının sərt küləyi ilə yarışa girərək suyunu adamın üzünə elə çırpır ki, şillə dəysə ondan yaxşı. Qulağı yox ki, söz eşidə, beyni yox ki, başa salasan. Söhbət az qala həyatımızın bir hissəsinə çevrilən kondisionerdən, daha doğrusu bu cihazdan axan sudan gedir. Həyatımızı qışda isinmək, yayda sərinlənmək üçün istifadə etdiyimiz kondisionerlərsiz təsəvvür etmirik. Demək olar ki, hər evdə, ofisdə və avtomobillərdə kondisioner mövcuddur. Əksər evlərdə quraşdırılan və illərlə təmizlənməyən kondisionerlərdən ixrac olunan su isə birbaşa həyətlərə axıdılır. Dünyada quraqlığın başlayacağını, su çatışmazlığı ilə bağlı həyacan siqanalı verən ictimai xadimlər bunu israf adlandırır. Dəniz suyunun içməli hala gətirilməsi barədə daha əvvəl də layihələr reallaşdırılıb. Bunu bilirik. Amma kondisionerlərdən axan suyu istifadəsi ağlımıza gəlib desək, yalan olar. Lakin bu üsul mümkündür. Ekspertlərin fikrincə, şəhərlərdəki kondisionerlərin suyundan istifadə etmək arzuolunmazdır. Müsahibimizin fikrincə, havadan gələn bakteriyalar bu filtirlərdə yığışaraq kondisioner sularını zərərli edir. Elə bu səbəbdən də filtirlər vaxtlı-vaxtında dəyişdirilməlidir ki, bu sudan məişətdə də istifadə edilsin. Uzun illərdir ki, məişət əşyalarının təmiri ilə məşğul olan kondisioner ustaları deyirlər ki, bu su yalnız bir halda istifadə oluna bilər. Əlqərəz, su böhranı uzun illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilib. Düzdür, bəzi ölkələr bütün su ehtiyaclarını bəndlər və su anbarları, yağış sularının yığılması, su kəmərləri, duzsuzlaşdırma prosesi vasitəsilə ödəyirlər. Bura həmçinin suyun təkrar istifadəsi və qorunması da daxildir. Amma kondisionerin bir günə 100 litr su istehsal etdiyini nəzərə alsaq, məncə aidiyyatı qurumlar tərəfindən uyğun mexanizm formalaşdırıla bilər. Çünki “su gələn arxa bir də gələr” məsəli XXI əsrdə həqiqəti əks etdirmir.