Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib

Martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

APA TV xəbər verir ki, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolunun Azərbaycan Respublikası Konstitusiyasının 86–cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, seçki məcəlləsinin tələblərinə uyğunluğu və seçkilərin yekunlarının təsdiq olunmasına dair xüsusi konstitusiya icraatı qaydasında MSK-dan daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

İclasın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisə seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.

Qərara əsasən, 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.

Müəllif | Apa.Tv
Apa.tv