“Könüllülər Yurdu-Azərbaycan” layihəsinin bağlaniş mərasimi keçirilib
“Könüllülər Yurdu-Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, “Könüllülər Yurdu-Azərbaycan” layihəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
“Könüllülər Yurdu - Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, 30 gün ərzində layihə çərçivəsində bir çox aksiyalar və təlimlər keçirilib: “Könüllülər Yurdu-Azərbaycan” layihəsi 3 ildir davam edir. 2019-cu ildə bu layihə çərçivəsində 45 şəhər və rayonumuzda 2500 könüllü tərəfindən ümumilikdə 20 minə yaxın vətəndaşlarımız arasında müxtəlif aksiyalar, təlimlər və proqramlar həyata keçirilibdir”.
Ülvi Mehdiyev bildirdi ki, 2020-ci ilin könüllülər ili elan edilməsi dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqətin nəticəsidir: “Bu yaxınlarda cənab prezident Davosda gənclərlə bağlı suala cavabında da dedi ki, Azərbaycan gəncliyi bu gün könüllülər hərəkatındadır. Azərbaycan gəncliyi bu gün startap hərəkatındadır. Bugünkü tədbirimiz də bunun əyani sübutlarından biridir. Həqiqətən də böyük bir gənclik kütləsi, könüllü ordusu bu gün nəyinki Bakıda, ölkəmizin bütün bölgələrində könüllülüyün təşviqi ilə bağlı, gənclərin inkişafı ilə bağlı müxtəlif aksiyalar, təlimlər keçirirlər”.
Xatırladaq ki, sözügedən konfrans 2020-ci il - Könüllülər ili çərvivəsində baş tutan ilk tədbirdir.
Həmidağa Məcidov,
Əli Ələkbər,
APA TV